Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 82

Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)

Hz. Xızırın açıqladığı son hikmət isə yetim uşaqlara aid olan divarı inşa etməsi ilə əlaqədardır.
Bu ayədə saleh möminlərə aid kimsəsiz və yetim uşaqların müdafiələrinə diqqət çəkilir. Allah yetimlər haqqında Bəqərə surəsində belə buyurur:
 
... Və sənə yetimləri soruşarlar. De ki: "Onları islah etmək (faydalı qılmaq) daha xeyirlidir. Əgər onları aranıza qatarsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən (ayırar). Əgər Allah istəsəydi sizə çətinlik verərdi. Həqiqətən, Allah güclü və üstün olandır, hökm və hikmət sahibidir." (Bəqərə surəsi, 220)

Ayədə də bildirildiyi kimi, iman edənlər yetimlərin haqqını qorumaqda, onların əxlaqını gözəlləşdirməkdə maksimum səy göstərirlər. Bu, onların gözəl əxlaqlarının, Allahın əmr və tövsiyələrinə əməl etmələrindəki dəqiqliklərin bir nəticəsidir. Müsəlmanlar, "Xeyir olaraq infaq edəcəyiniz şey ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və yolda qalanlara aiddir. Xeyir olaraq hər nə etsəniz, Allah onu bilir" (Bəqərə surəsi, 215) ayəsində bildirildiyi kimi yetimlərə infaq edirlər. "Özləri, ona duyduqları sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər" (İnsan surəsi, 8) ayəsində isə özləri ehtiyac içində olsalar belə, əvvəlcə onları qoruyub himayə etdikləri bildirilmişdir. Allah yetimlərə zülm edənləri isə Nisa surəsində bu şəkildə xəbərdar edir:
 
Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər. (Nisa surəsi, 10)

Hz. Xızır da İslam əxlaqının bir gərəyi olaraq yetim uşaqların gələcəyini düşünür və onlar üçün çox əhəmiyyətli bir sərmayə hazırlayır. Əgər hz. Xızır divarı təmir etməsəydi, divar yıxılıb yetim uşaqların atalarına aid xəzinəni ortaya çıxaracaq, uşaqların malları da zalım kəslər tərəfindən qəsb olunacaqdı. Məhz bu səbəblə, hz. Xızır xəzinə üçün, uşaqlar yetkinliyə çatana qədər qorunub saxlana bilinəcək möhkəm bir yer tikmiş, onların gələcəkləri üçün əhəmiyyətli bir tədbir görmüşdü.
Hz. Xızırın yoxsullara və yetimlərə göstərdiyi bu şəfqət və mərhəmət daha əvvəl də vurğuladığımız kimi Allahın Rəhim (sonsuz mərhəmət sahibi) sifətinin təcəllisidir. Hz. Xızırın bu divarı möhkəm inşa etməsi ilə uşaqların mallarını qorumaq üçün güclü bir tədbir görməyin əhəmiyyətinə işarə edilir. Hz. Xızır Allaha təvəkkül göstərmiş və bu səbəblə də uşaqlar üçün çox möhkəm, Allah qatında təyin olunmuş zamana qədər zərər görməyəcək, möhkəm bir divar inşa etmişdir.
Həmçinin bir divarın dağılması başda oradan keçən insanlar olmaqla ətrafındakı bitkilərə, yaxınlarında olan heyvanlara çox böyük zərər verib, ölüm və ya qəzalara səbəb ola bilər. Bu ayədə də uçulmuş divarların təkrar inşa edilərkən möhkəm bərpa edilməli olduğuna işarə edilmiş ola bilər.

Ayədə həmçinin hz. Xızırın "Bunları mən, öz işim (xüsusi fikrim) olaraq etmədim" dediyinə diqqət çəkilir. Bu, daha əvvəl də vurğuladığımız kimi, hz. Xızırın hər şeyi edənin Allah olduğunu, hər şeyin qədərdə olub bitdiyini bildiyini göstərən bir söhbətdir. Hz. Xızır heç bir qərarı öz istəyi ilə etmədiyini ən gözəl şəkildə ifadə edir.