Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 45-46

Onlara dünya həyatını misal çək. Bu dünya həyatı göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.
(Kəhf surəsi, 45-46)

Kəhf surəsinin bu ayələrində "davamlı olan saleh davranışlara" diqqət çəkilir. Saleh davranış, yaxşı və xeyirli iş mənasını verər ki, bu da Allahın razılığına və Quran əxlaqına uyğun hər cür davranışı və hərəkəti ifadə edər.
İnsan, Allahın razılığını, rəhmətini və cənnətini qazana bilmək üçün saleh əməllər etməlidir. Çünki bu əməllər, müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısacası imanlarındakı bəsirətlərini ortaya qoyar.
İnsanın bir iş görərkən, içində daşıdığı niyyəti son dərəcə əhəmiyyətlidir. Bir əməlin saleh olması, yalnız Allah rizası üçün edilməsinə bağlıdır. Əgər edilən iş, qatqısız Allah rizasından uzaqlaşsa, o zaman saleh əməl olma xüsusiyyətini itirə bilər. Bu vəziyyət, insanın başqalarının razılığını axtarışı deməkdir ki, Allah, Özündən başqasının rizası üçün edilən ibadətləri ayələrində bu şəkildə təsvir edir:
 
Vay halına namaz qılanların –o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)

Oxşar vəziyyət infaq mövzusu üçün də keçərlidir. İnsanların bir hissəsi mallarından infaq edərkən yalnız Allahın razılığını güdər, bir qismi isə göstəriş məqsədli infaq edərlər. Bu kəslər arasındakı fərq Quranda belə xəbər verilir:

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.
Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 264-265)

Yaxşı iş görən bir müsəlmanın heç vaxt unutmamalı olduğu  bir başqa əhəmiyyətli mövzu isə bu əməllərə ehtiyacı olanın yalnız özü olmasıdır. Allah möhtac deyildir; yəni hər cür qüsur və nöqsandan uzaqdır, heç bir şeyə ehtiyacı olmayandır. Bu səbəbdən, Allahın müsəlmanların edəcəkləri əməllərə ehtiyacı yoxdur. Bu həqiqət Quranda belə bildirilir:
 
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluqat gətirər. Bu, Allah üçün çətin deyildir. (Fatir surəsi, 15-17)

Rəbbimiz dilədiyi anda istədiyi şeyi edə bilər. "... İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? ..." (Rəd surəsi, 31) ayəsində bildirildiyi kimi, Allah hər şeyə qadirdir. Allahın dinini güclü etmək üçün göstərdikləri səy müsəlmanların öz faydalarınadır. Bu səbəbdən, bir insan saleh əməl işləməklə, əslində ancaq özünə fayda təmin edir, öz axirətini qazanır. Bu həqiqəti Allah Quranda, "kim cəhd etsə (səy göstərsə), yalnız öz nəfsi üçün cəhd etmiş olar. Həqiqətən, Allah aləmlərdən müstağnidir." (Ənkəbut surəsi, 6) ayəsiylə xəbər verir.
Saleh əməlin ayədə Allahın xəbər verdiyi bir başqa əhəmiyyətli xüsusiyyəti isə "davamlı" olmasıdır. Çünki bəzi insanlar üçün gündə bir neçə dəfə yaxşılıq etmək, mallarının bir qismini bir dəfə infaq etmək, bəzi mövzularda fədakarlıq etmək çox asan ola bilər. Bunları vərdişlə, ya da maraqlarına toxunmadığı üçün etmiş ola bilərlər. Ancaq əhəmiyyətli olan möminin həyatının hər anında xeyirli işlər etməsidir. Hər an Allahın razılığını qazanmaq üçün səy göstərməsi, davamlı fədakar olması, Allahın dinini təbliğ etmək üçün davamlı cəhd etməsi çox əhəmiyyətlidir. Üstəlik ətrafında başqa heç kim Allahın bu əmrlərini yerinə yetirməsə də, özü heç imtina etmədən davam etməlidir. Beləcə səbrini isbat etmiş və Allaha olan yaxınlığını nə qədər güclü olduğunu sərgiləmiş olacaq. Necə ki, Allah Məryəm surəsində bu şəkildə bildirir:

Allah, hidayət tapanlara hidayəti artırır. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, nəticə etibarilə daha yaxşıdır. (Məryəm surəsi, 76)

İman gətirib həyatı boyunca saleh əməllər işləyən bir möminin qovuşacağı qurtuluş isə Allahın razılığı və cənnətidir. Quranda möminləri Allah belə müjdələyir:

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 42-43)