Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 40-41

Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!”
(Kəhf surəsi, 40-41)

Bu ayələrdə də iman əhli olan bağ sahibi, lovğalanan yoldaşına acizliyini xatırladır. Allahdan gələcək hər hansı bir bəlanın qarşısını ala bilməyəcəyini, buna baxmayaraq təkəbbürlənməsinin nə qədər böyük bir ağılsızlıq olduğunu izah edir.
Sahib olduqları mallarla və zənginliklərlə öyünən insanların ən böyük səhvlərindən biri də, dünya həyatındakı bütün gözəlliklər kimi, bunların keçici olduğunu unutmalarıdır. Gözəllik və gənclik bir neçə on ildən sonra gedəcək, yerini qocalığa verəcəkdir. Sağlamlıq da eyni şəkildə yerini xəstəliklərə, acizliklərə və zəifliklərə verəcəkdir.
Əvvəlki ayədə də açıqladığımız kimi zənginlik də keçicidir. Allah dilədiyi zaman kasıb bir insanı bir anda zənginləşdirə, ya da zəngin olanın malını bir anda yox edə bilər. İnsan evlərini, yaxtalarını, avtomobillərini, ləl-cəvahiratlarını bir sellə, zəlzələ, ya da başqa bir fəlakətlə bir anda itirə bilər. Kimsənin Allahdan gələn bir fəlakəti əngəlləməyə gücü çatmaz. İnsan, heç ümid etmədiyi bir anda bütün yaxınlarını itirə bilər, özü də heç gözləmədiyi bir anda ölümlə üzləşə, qəza keçirərək şikəst qala bilər, qalıcı bir şəkildə yaralana bilər, yaddaşını itirib bütün qabiliyyətlərini itirə bilər. Bu fəlakətlərin hamısı, " Allahın izni olmadan heç bir müsibət (heç kəsə) baş verməz ... " (Təğabun surəsi, 11) ayəsində bildirildiyi kimi Allahın diləməsiylə və Allahın istədiyi zaman reallaşa bilər. Heç kim bu fəlakəti əngəlləyə bilməz, təxirə sala bilməz, ya da vaxtını uzada bilməz. Belə bir gündə nə malı, nə də zənginliyi insana heç bir fayda verməz. Allahın ayəsiylə də bildirdiyi kimi, "Şübhəsiz inkar edənlər, onların malları da, uşaqları da özlərinə Allahdan (gələcək əzaba qarşı) heç bir şey qazandırmaz ." (Ali İmran surəsi, 10)
İnsan, həyatının heç bir anında Allahın, qədərində yazdığının xaricində bir şey yaşaya bilməz. Bu səbəbdən etməli olduğu Allaha təslim olmaq və təvəkkül etməkdir. Allaha qarşı təkəbbürlü bağ sahibi, bağının və məhsullarının başına sonsuza qədər bir şey gəlməyəcəyini iddia edərkən bu həqiqəti gözardı etmişdir. Bağını sulayan axar suyun sonsuza qədər axacağından, məhsullarına heç bir  xəstəliyin müsəllət olmayacağından, quraqlıq kimi bir bəla ilə heç bir zaman üzləşməyəcəyindən əmindir. Zənginliyinin, zəkasının və səyinin mallarını qorumağa qadir olduğunu zənn edir.
Ancaq Allah üçün bunu tərsinə çevirmək çox asandır. Bağını sulayan axan su, kiçik bir yer hərəkətiylə bir anda yerin dərinliklərinə doğru axmağa başlaya bilər. Bu hadisə, bağ sahibinin gözləri qarşısında çox qısa zamanda reallaşa bilər. Beləcə o məhsuldar ərazi bir anda qupquru bir hala gələ bilər. İnsanın belə bir vəziyyətdə nə suyu geri gətirməyə, nə də tarlasını köhnə məhsuldar halına çevirməyə gücü çatmaz. Mədət umduğu malları və bütün zənginlikləri də özünə bir fayda verməz. Bunlar o insanın təkəbbürlənməsinin və nankorluğunun dünya həyatındakı qarşılığıdır. Axirət həyatında isə şirk qoşduğu, dəyər verdiyi, sahiblənib Allaha qarşı böhtan atmasına səbəb olan mallar özünə bir fayda verməyəcək. Ayələrdə inkar edənlərin bu vəziyyəti belə bildirilir:
 
O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. (Huməzə surəsi, 2-9)

Ayədə xatırladılan bir digər mövzu isə suyun yerin dərinliklərindən yer üzünə çıxmasının nə qədər böyük bir nemət olduğudur. Yerin kilometrlərlə dərinliklərində olan su, Allahın diləməsiylə yer üzünə çıxır, insanlar üçün şəfa olur. Əgər bu suyu istifadə  etmə imkanı olmasaydı, insanlar üçün çox böyük çətinliklər və sıxıntılar meydana gələcəkdi. Ancaq su quyuları və suyu əldə etməyimizi təmin edən digər üsullar sayəsində yerin dibindəki tərtəmiz, mineral cəhətdən çox zəngin suları əldə edə bilər və bunları öz faydamız istiqamətində istifadə edə bilərik.