Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 7

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf surəsi, 7)

İnsanların böyük bir hissəsi dünya həyatının sınaq olaraq yaradıldığı həqiqətini bilməz, ya da bildiyi halda bu böyük həqiqəti görməzlikdən gələr. Bu səbəblə də, dünya həyatına şiddətlə bağlanar, ölümü və axirətin varlığını ağlına belə gətirmək istəməz. Halbuki Allah, "And olsun ki, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver." (Bəqərə surəsi, 155) ayəsiylə insanların dünya həyatında bir sınaqdan keçirildiklərini bildirmişdir. Mülk surəsində də dünya həyatının və ölümün yaradılış məqsədi bu şəkildə bildirilir:
 
O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. O, üstün və güclü olandır, çox bağışlayandır. (Mülk surəsi, 2)

Unudulmamalıdır ki, insanın "iman edirəm" deməsi Allahın razılığını, rəhmətini və cənnətini qazanması üçün kafi deyil. İnsanın imanının sağlamlığını və Allahın ayələrinə olan diqqətliliyini bütün həyatı boyunca, hər vəziyyətdə göstərməsi şərtdir. Bir çətinlik, xəstəlik, sıxıntı, ya da aclıq vaxtında olduğu kimi zənginlik, güc, iqtidar sahibi olduğunda da hər zaman Allaha yönəlməli və Allahın hökmlərini diqqətlə tətbiq etməlidir. Allah Ənkəbut surəsində bu şəkildə bildirir:
 
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.  (Ənkəbut surəsi, 2-3)

Ancaq insanların böyük bir hissəsi dünya həyatının bəzəklərini axirət həyatından üstün tutarlar. Son model sport avtomobil, lüks bir villa, ləl-cəvahiratlar, ya da dəbdəbəli paltarlara sahib olmanın bu dünya həyatının tək məqsədi olduğu yanılmasına düşərlər. Daha zəngin, daha gözəl, daha məşhur ola bilmək üçün yarışar, həyatlarını bu dəyərlərin arxasında qaçaraq keçirərlər. Halbuki, bunlar məqsədinə uyğun istifadə edilmədiyi təqdirdə insana heç bir qazanc gətirməyəcək. Bu həqiqət Ali İmran surəsində bu şəkildə bildirilir:
 
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür. (Ali İmran surəsi, 14-1 5)

Ayələrdə də bildirildiyi kimi, dünya həyatı keçicidir və dünya həyatının bəzəkləri də aldadıcıdır. Tarix boyunca olduğu kimi Axırzamanda da dünya üzərində var olan bütün saraylar, qalalar, nəhəng fabriklər, körpülər, seyflərlə dolu qızıl və ləl-cəvahiratlar, banklarda yığılan pullar, səhmlər, avtomobillər, sürət mühərrikləri, təyyarələr qısacası hər şey insanların sınanması üçün yaradılmışdır. Bunlara sahib olmaq bir üstünlük olmadığı kimi, bunlara sahib olmamaq da bir itki deyil.
Əsil əhəmiyyətli olan insanın Allaha imanı, səmimiyyəti, gözəl əxlaqıdır. Hər insan mütləq ölümlə qarşılaşacaq və sonsuz axirət həyatının bir həqiqət olduğunu mütləq anlayacaq. O halda dünya həyatının bəzəklərinə aldanmaq çox böyük səhv, çox pis alış-veriş olar.
Doğru olan inananların davranışlarıdır ki, onlar sonsuz axirət həyatı qarşılığında canlarını və mallarını satmışlar. Və bu alış-verişdən ötrü çox böyük bir sevinc içindədirlər. Allah möminləri bir ayəsində belə müjdələyir:
 

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)