Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 22

Bəziləri: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” – deyəcəklər. Digərləri isə “Onlar beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. Bununla da qeyb haqqında təxmini fikir yürüdəcəklər. Bəziləri də: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. İnsanlardan bunu bilən çox azdır!” Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) və kitab əhlinin heç birindən onlar barədə bir şey soruşma! (Kəhf surəsi, 22)

Bu ayədə Kəhf Əhlinin neçə nəfər olduqları haqqında zənlə təxminlərdə olan insanların vəziyyətindən bəhs edilir. Halbuki ayədə bu sayı yalnız qeybin tək sahibi olan Rəbbimizin bildiyi və bu məlumatı də ancaq az saydakı qullarına bildirdiyi ifadə edilir.
Ayənin davamında, bilinməyən bir mövzu üzərində mübahisənin, davamlı yeni fikirlər gətirmənin, təxminlərdə olmağın doğru olmadığı da bildirilir. Belə bir mübahisə ayədə, "bilinməyənə-qeybə daş atma" olaraq ifadə edilir. Oxşar ifadə başqa ayələrdə də var. Məsələn, Səba surəsində insanların bu xüsusiyyətləri bu şəkildə təsvir edilir:
 
... " Onlar: “Biz ona inandıq!” – deyəcəklər. Amma uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?! Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yerdən qeyb haqqında fikir yürüdürdülər. Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına sədd çəkilər. Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər. (Səba surəsi, 52-54)

Allahın bəyənmədiyi bu əxlaqdan hər müsəlman uzaq durmalı, bu kimi müzakirələrdən, bilmədiyi mövzular üzərində fikir yürütməkdən şiddətlə çəkinməlidir. Belə bir vəziyyətdə edilməli olan şey "Ən doğrusunu Allah bilir" deyib, mötəbər olmayan sözlərə qiymət verməməkdir. Müsəlmanların bu tərz vəziyyətlərdə verdikləri cavab, "... Sən məndə olanları bilirsən, amma mən Səndən olanı bilmirəm. Həqiqətən, görünməyəni (qeybi ən yaxşı) bilən Sənsən Sən ..." (Maidə surəsi, 116) ayəsindəki kimi olmalıdır. Çünki Quranın bir çox ayəsində qeybi yalnız Allahın bildiyi xəbər verilir. Məsələn, bir ayədə belə buyurulur:
 
Qeybin açarları Onun yanındadır, Ondan başqa heç kəs qeybi bilməz. Quruda və dənizdə olanların hamısını O bilir, O istəməzsə, düşən bir yarpaq belə düşməz; Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Ayədəki kimi mübahisələrin edildiyi hallarda insanların, üzərində fikir irəli sürdükləri mövzulardakı tək dayaqları xalqdan gələn ifadələr olur. Küçədən gələn uydurma rəvayətlərə, mövzu haqqında məlumat sahibi olmayan bir nəfərin söylədiyi bir sözə, bir başqasının etdiyi bir şərhə əsaslanan bu mübahisələrin doğru bir nəticəyə çatmayacağı isə açıqdır. İnsan "Haqqında məlumatın olmayan şeyin ardına düşmə; Çünki qulaq, göz və qəlb, bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaq" (İsra surəsi, 36) ayəsiylə də bildirildiyi kimi, bilmədiyi mövzular haqqında ətrafdan duyduğu əsassız şərhlərə qapılmamalıdır.
Ayədə keçən "onları çox az (insan) xaricində kimsə bilə bilməz" ifadəsi ilə də Allah, dərin məlumata sahib olan çox az sayda insanın, bu sayı biləcəyinə işarə edir. Məsələn, bu insan, kitabın sonrakı hissələrində möcüzəvi xüsusiyyətlərini ətraflı olaraq araşdıracağımız hz. Xızır ola bilər. Bununla yanaşı, hz. Xızırın elmindən keçmiş və ona tabe olmuş tələbələrinin də, Allahın diləməsi və bildirməsi ilə bu məlumata sahib olması mümkündür. Necə ki, Quranda Allahın vəhy etməsi ilə elçilərin qeybdən yana bəzi məlumatlara sahib olduqları bildirilir:
 
O, qeybi Biləndir. Öz qeybini (görülməz məlumat xəzinəsini) kimsəyə açıq tutmaz. Ancaq elçiləri (peyğəmbərləri) içində razı olduğu (seçdikləri kəslər) başqa. Çünki O, bunun önünə və arxasına (mələklərdən ibarət) gözətçilər qoyar. (Cin surəsi, 26-27)

Allah Peyğəmbərimiz (s.ə.v)-ə də qeybdən bəzi məlumatlar vəhy etmiş, sonra ona bu şəkildə səslənmişdir:

Bu, sənə (ey Məhəmməd) vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Yoxsa onlar, hiylə quraraq əlbir iş gördükləri qərar verdikləri zaman sən onların yanında deyildin. (Yusif surəsi, 102)

Hz. Nuha isə Allah, gələcəkdə yaşayacağı bəzi hadisələri bu şəkildə bildirir:
 
"Ey Nuh" deyildi. "Sənə və səninlə birlikdə olan ümmətlər üzərinə Bizdən salam və bərəkətlərlə (gəmidən) en. (Sizdən törəyəcək digər kafir) ümmətləri də yararlandıracağız, sonra onlara Bizdən acı bir əzab toxunacaqdır". Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bunları sən və qövmün bundan əvvəl bilirdi. Səbir et. Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir. (Hud surəsi, 48-49)

Ayənin davamında keçən "... açıq olan bir mübahisədən başqa mübahisə" ifadəsi isə Qurana uyğun müzakirəyə işarə edir. Möminlər, bir mövzu üzərində mübahisə edərkən Qurana uyğun dəlil gətirməyə əhəmiyyət verməlidirlər. Dini inkar edənlər tam əksinə bir əxlaq sərgiləyərlər. Onların yeganə məqsədi mübahisə çıxarmaq, bu vəsiləylə dinə və inananlara qarşı düşməncə rəftarlarını ortaya qoymaqdır. Necə ki, Allah Quranda bəzi insanların "yalnız bir mübahisə olsun deyə" (Zuxruf surəsi, 58) inkarçı nümunələr verdiklərinə diqqət çəkir. Bunun səbəbinin də, "höcətləşən və düşmən" bir qövm olmaları olduğunu vurğulayır. Bu səbəblə, Quran əxlaqını yaşayan insanların bütün bunlardan çəkinməyə və Allahın razı olacağı şəkildə davranmaları lazımdır. Allah iman edənlərin inkarçılarla danışarkən necə bir üslub istifadə etmələri lazım olduğunu bu örnəklə bildiririr:
 
Buna görə də sən tövhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır” (Şura surəsi, 15)

Kəhf surəsinin 22-ci ayəsinin sonunda bəhs edilən "onlar haqqında bunlardan heç kimsədən bir şey soruşma" şəklindəki ifadə isə iman edənlərin vəhylə bildirilənlərdən başqa heç bir məlumata rəğbət etməmələri lazım olduğunu ifadə edir. Çünki qeybi bilən Allahdır. İnsanların öz məlumatlarına, zənlərinə və şərhlərinə əsaslanaraq ortaya atdıqları səhv rəvayətlərin möminlər nəzdində heç bir qiyməti yoxdur. Bu səbəbdən, qaynağı bəlli olmayan, ağızdan ağıza gəzərək gəlib çatan, qulaqdan qulağa çatdırılan, uydurma rəvayətlərə, xəbərlərə əhəmiyyət verməməyi Allah bu ayə ilə qadağan edir.