Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 42-44

Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 42-44)

Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, Allahdan başqasından mədət uman, onlardan mərhəmət dilənən, onlara güvənən bir adam, ümid etdiyi qarşılığı heç vaxt tapa bilməz. Bu səbəblə həyatı boyunca, xüsusilə də çətin anlarında, böyük bir boşluq və sahibsizlik hissinə qapılar. Özünü, dünyanın min bir cür qarışıqlığı və çətinliyi qarşısında, güvəndiyi saxta ilahlar tərəfindən tərk edilmiş, çarəsiz, tək-tənha qalmış hiss edər.
Quranda bu həqiqətə, "Allah ilə yanaşı başqa tanrılar qəbul etmə, yoxsa qınanmış və tək başına (yalnız və köməksiz) buraxılmış olarsan ." (İsra surəsi, 22) ayəsiylə diqqət çəkilmişdir. Allah, eqoist bağ sahibini də -mallarını almaqla- tək-tənha buraxmış, bir fəlakətlə bütün zənginliyini bir anda ortadan qaldırmışdır. Məhz bu fəlakət zamanı da bağ sahibi də həqiqətləri, yəni Allaha şirk qoşaraq nə qədər böyük bir səhvə düşdüyünü görmüşdür.
Bu nümunədən də aydın olduğu kimi, özünü dünyada güc sahibi zənn edən hər insan, Allahın diləməsi ilə bir anda nə dərəcə aciz olduğunu anlayar. Nə özünə, nə də ətrafındakı insanlara kömək etməyə güc yetirə bilməz. Hər şey Allahın əlindədir. Ondan başqa zərər və fayda verməyə gücü yetən kimsə yoxdur. Bu həqiqət bir ayədə bu şəkildə xatırladılar:
 
Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir. (Ənam surəsi, 17)

İnsanın tək dost və vəlisi Allahdır. Allahın xaricindəki varlıqlar isə yalnız Onun yaratdıqlarıdır. Onun istəyi ilə var olmuşlar və yenə Onun diləməsi ilə varlıqlarını davam etdirirlər. Şəfanı və ruzini verən, güldürən də, ağladan da Allahdır. Allahdan başqa hər şey və hər kəs, sonsuz aciz, sonsuz kasıb, sonsuz möhtac varlıqlardır. Özlərinə aid bir gücləri, qabiliyyətləri yoxdur; elə ki, özlərinə belə yardım edə bilməzlər. O halda, Allahdan başqa güvəniləcək, kömək ümid ediləcək, bir şeylər istənəcək kimsə də yoxdur.