Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 110

De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”
(Kəhf surəsi, 110)

Gəlmiş keçmiş bütün ümmətlərə onları Allahın doğru yoluna çağıran elçilər göndərilmişdir. Elçilər insanlara Allahın varlığını və birliyini izah edən, onlara Allahın dinini təbliğ edən, Allahın onlardan istədiklərini, digər bir ifadə ilə etməli olduqlarını və çəkinmələri lazım olan şeyləri bildirən, onları cəhənnəm əzabına qarşı xəbərdar edən və cənnətlə müjdələyən mübarək insanlardır.
Elçilərin həyatları və mübarizələri, düşünən və öyüd almasını bilən möminlər üçün çox hikmətli dərslərlə doludur. Möminlər, rəsullar arasında heç bir ayrı-seçkilik etmədən onların Quranda çatdırılan gözəl rəftar və davranışlarını, üstün əxlaqlarını özlərinə nümunə götürməli, onların öyüd və tövsiyələrini götürüb, xəbərdarlıqlarına böyük əhəmiyyət verməlidirlər.
Allahın elçilərinin Quranda bildirilən təbliğləri bir-birinə bənzəyir. Hər elçi, insanları Allaha iman etməyə, haqq kitablarına uymağa, qorxub-çəkinməyə və Allahın əmrlərini dəqiqliklə yerinə yetirməyə dəvət etmişdir. Bu səbəblə də iman edənlərin rəsullardan heç birini ayırmadan, hamısına endirilənə iman etmələri, onların Quranda bildirilən təbliğlərinə böyük dəqiqliklə əməl etmələri lazımdır. Ayədə belə əmr edilir:
 
Deyin ki: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Onlardan heç birini digərindən ayırmırıq və biz Ona təslim oluruq!". (Bəqərə surəsi, 136)

Bütün rəsullar insanları haqq dinə və ən doğru yola çağırmışlar. Bu çağırış onların ümmətləri üçün keçərli olduğu kimi, bizim üçün də keçərlidir. Hamısının dəvət etdiyi təməl imani və əxlaqi həqiqətlər, sərgilədikləri üstün xarakter xüsusiyyətləri, hər dövr üçün, bu səbəbdən bizlər üçün də riayət edilməli və nümunə alınmalı olan mövzulardır. Allah Quranda onların dəvət etdikləri həqiqətləri və sahib olduqları üstün əxlaqi xüsusiyyətləri bizlərə bir çox baxımdan, köklü və ətraflı bir şəkildə bildirmişdir. Və Peyğəmbərlərinin şəxsində bütün möminlərə doğru yola tabe olmağı əmr etmişdir:
 
Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik. Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir xatırlatmadır”. (Ənam surəsi, 89-90)

Elə isə möminlərə düşən Quranda elçilərin hekayələrini diqqətlə oxuyub, onların göstərdikləri doğru yola, etdikləri öyüdlərə və xəbərdarlıqlara dəqiqliklə əməl etməyə çalışmaqdır.