Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 3

Onlar orada əbədi olaraq qalacaqlar (Kəhf surəsi, 3)

İnsanların böyük bir hissəsi Allahın varlığını, cənnət və cəhənnəm həyatının yaxınlığını inkar edərlər. Bu kəslərə görə ölüm yox olmaqdır. Hesab günü yoxdur. Bəzi insanlar isə cəhənnəm əzabının varlığını qəbul edər, ancaq bu əzabın az bir müddət davam edəcəyinə inanarlar. Buna görə insan cəhənnəmdə qısa bir müddət qalacaq, günahlarının kəffarəsini ödəyəcək, daha sonra da buradan çıxıb, sonsuz cənnət nemətlərinə qovuşacaq. Halbuki, Quran ayələrində bu şəkildə müvəqqəti bir əzabdan bəhs edilmir. Allah Ali İmran surəsində bu şəkildə bildirir:

Bu, onların: "Od bizə ancaq bir neçə gün toxunar" demələrinə görədir. Onların bu uydurduqları şeylər, dinləri mövzusunda özlərini aldadıb yoldan çıxartdı. (Ali İmran surəsi, 24)

Məhz Kəhf surəsinin 3-cü ayəsində bəhs edilən ifadədə də Allah, insanların cəhənnəm mövzusundakı bu xətalarına diqqət çəkir və cəhənnəm əzabının inkar etməkdə israrlı olanlar üçün üçün əbədi olduğunu bildirir. Dünya həyatına qapılıb Allahın varlığını inkar edən, Allahın Rəsulunun yolunu izləməyən, ayələrdəki hökmləri tətbiq etməyən insanların qalacağı yer, -Rabbimizin diləməsi xaricində əbədiyyətə qədər cəhənnəmdir. Bu, Allahın ədalətidir. Quranda inkarda dirənən insanların cəhənnəmdə də azğınlıqlarını davam etdirdikləri xəbər verilir:
 
Şübhəsiz ki, günahkarlar cəhənnəm əzabı içində əbədi qalacaqlar. Onlardan (əzab) yüngülləşdirilməyəcək və orada onlar ümidlərini itirmiş şəxslərdir. Biz onlara zülm etmədik; ancaq onların özləri zalımlardır. (Cəhənnəm gözətçisinə:) "Ey Malik (gözətçi), Rəbbin bizim işimizi bitirsin" deyə hayqırdılar. O: "Həqiqət budur ki, siz, (burada) qalacaq insanlarsınız" dedi. (Zuxruf surəsi, 74-77)

Yuxarıdakı ayələrdə görüldüyü kimi, inkar edənlər cəhənnəmdə belə acizliklərini görmür, təkəbbürlülüklərini davam etdirirlər. Allaha yönəlmir, bunun yerinə "Rəbbin bizim işimizi bitirsin" deyə bir mələyə səslənirlər. Bu, onların azğın xarakterlərini davam etdirdiklərinin bir dəlilidir. Necə ki, Allah ayələrində "geri qaytarılsaq  da etdiyimiz əməllərdən başqasını edək" (Əraf surəsi, 53) deyən inkarçıların yalançı olduqlarını da bildirmişdir:
 
Atəşin üstündə saxlandıqları zaman sən onları bir görsən; deyərlər ki: "Kaş ki, (dünyaya bir daha) qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq." Xeyr, əvvəldən gizli tutduqları özlərinə açıqlandı. Əgər (dünyaya) geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə şübhəsiz qayıdardılar. Çünki onlar, həqiqətən kafirlərdir. (Ənam surəsi, 27-28)

Başqa ayələrdə də dünyada insanlara kifayət qədər möhlət verildiyi, ancaq onların təkəbbürlənməkdən imtina etmədikləri bildirilir:
 
Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olaydım!” Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”. (Zumər surəsi, 58-59)

Bütün bunlardan aydın olduğu kimi bu cür insanlar düzəlməzlər. Allah möminlərə qarşı çox mərhəmətli olduğu üçün, bu tip azğın insanları cənnətə, möminlərin arasına qoymaz. Cənnət, içindəki bütün nemətlər və bütün insanlarla gözəllik məkanıdır; Allahın məmnun olmadığı heç bir varlıq cənnətdə yoxdur. Bu da Allahın saleh qullarına olan şəfqətinin və ədalətinin nəticələrindən biridir.
Sonsuz cənnət nemətləri isə yalnız saleh möminlərə məxsusdur. Allah ayələrində belə bildirir:
 
Məhz bunların qarşılığı, Rəbbindən bağışlanma və içində əbədi qalacaqları, altından çaylar axan cənnətlərdir. Yaxşı əməl sahiblərinin mükafatı nə gözəldir. (Ali İmran surəsi, 136)
 
Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 14)
 

Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları cəhənnəm odu vardır? Məhz bu ən böyük rüsvayçılıqdır. (Tövbə surəsi, 63)