Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 2

Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi. (Kəhf surəsi, 2)

Kəhf surəsinin 2-ci ayəsində Quranın əhəmiyyətinə və doğru bir kitab olduğuna diqqət çəkilir. Quran, Allahın izni ilə insanlara öyüd-nəsihət verən və sonsuz həyatları üçün onları xəbərdar edən və doğru yolu göstərən, Allahın vəhyidir. Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazanmaq üçün sarılmalı olduğumuz yeganə yol göstəricidir. Doğru ilə yanlışı bir-birindən ayıran mütləq ölçüdür. Bəqərə surəsinin 120-ci ayəsində də bildirildiyi kimi "Şübhəsiz ki, doğru yol, Allahın yoludur." Rəbbimiz iman edənlərə yol olaraq Qurana möhkəm sarılmalı olduğumuzu belə açıqlayır:
 
"Bu halda, sənə vəhy olunana sarıl; çünki sən düz yoldasan. Və şübhəsiz o (Quran), sənin və sənin qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual olunacaqsınız." (Zuxruf surəsi, 43-44)

Kəhf surəsinin 2-ci ayəsində eyni zamanda ayələrə riayət etməyin əhəmiyyətinə də Allah diqqət çəkir. İman edən bir insan bütün həyatı boyunca Allahın hökmlərinə, əmr və tövsiyələrinə diqqətlə riayət etməklə məsuldur. Heç bir çətinlik, təzyiq ya da sıxıntı onu bu mövzuda ruh düşkünlüyünə salmaz və qəflətə sürükləməz. Şərtlər nə olursa olsun hər zaman bu mövzularda diqqətli, çalışqan və qətiyyətlidir.
Ayədə diqqət çəkilən hökmlərdən digəri də insanları xəbərdar edib qorxutmaqdır. Allah Quranın bir çox ayəsində iman edənlərə bu əhəmiyyətli məsuliyyəti xatırladır, insanlara yaxşılığı əmr etmək və onları pislikdən çəkindirməyin əhəmiyyətinə işarə edir. Həmçinin, Allah Quranda bu vəzifənin bir ibadət olaraq yerinə yetirilməsini əmr etmiş və bunu edən insanların qurtuluş tapacağını da müjdələmişdir. Bu mövzudakı bir ayə belədir:
 
Tövbə edənlər, ibadət edənlər, həmd edənlər, (İslam uğrunda) səyahət edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri görməyi qadağan edənlər və Allahın hədlərini qoruyanlar; sən (bütün) möminləri müjdələ. (Tövbə surəsi, 112)

Hər mövzuda olduğu kimi bu mövzuda da ən gözəl nümunələr peyğəmbərlərdədir. Bu şərəfli vəzifəni boynuna götürən elçilər, tarix boyunca insanları hər cür şəkillərdə xəbərdar etmişlər və Allaha iman etməyə dəvət etmişlər. Elçilər insanları xəbərdar edərkən, onlara cəhənnəmin varlığını xatırladıb, sonsuz bir əzabla da qorxutmuşlar. Allah bu həqiqəti Leyl surəsində bu şəkildə bildirir:
 
Mən sizi alov saçan bir odla qorxutdum. Ona ancaq ən bədbəxt kimsə girər. (Leyl surəsi, 14-15)

Kəhf surəsinin 2-ci ayəsində diqqət çəkilən bir başqa əhəmiyyətli mövzu da saleh əməlin əhəmiyyətidir. Saleh əməl insanın yalnız Allahın razılığını, rəhmətini və cənnətini hədəfləyərək, səmimi bir ürəklə etdiyi xeyirli hərəkətlərdir. Saleh əməlin əhəmiyyəti ilə əlaqədar bir başqa ayə belədir:
 
Kim izzəti istəyirsə, artıq bütün izzət Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksələr və saleh əməl də onu yüksəldər. Pislikləri qurub düzəldənlər isə; onlar üçün şiddətli bir əzab vardır. Onların qurduqları “boşa çıxıb pozular”. (Fatir surəsi, 10)

Quranın daha bir çox ayəsində Rəbbimiz saleh əməl işləməyin əhəmiyyətini bildirmiş və saleh əməlin Öz Qatında gözəl bir qarşılıq tapacağını müjdə vermişdir. Bu ayələrdən bəziləri belədir:
 
(Ey Məhəmməd) iman gətirib saleh əməllər edənlərə müjdə ver. Həqiqətən onlar üçün ağacları altından çaylar axan cənnətlər gözləyir. Özlərinə ruzi olaraq bu məhsullardan hər dəfə yedizdirildiyində: "Bu daha əvvəl də bizə verilən ruzidir" deyərlər. Bu, onlara, (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Artıq, onlar üçün pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)
 
Şübhəsiz ki, iman edənlər yəhudilər, xristianlar və sabiilər (dən kim) Allaha və axirət gününə iman edər və yaxşı işlər görərsə, artıq onların Allah yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)
 
İman gətirib yaxşı işlər görənlər və “Rəbbinə qəlbləri razı olaraq bağlananlar”, məhz bunlar da cənnətin sakinləridir. Onlar orada əbədi qalacaqlar. (Hud surəsi, 23)

Kəhf surəsinin 2-ci ayəsində Allahın diqqət çəkdiyi bir başqa əhəmiyyətli mövzu da möminlərə müjdə verməkdir. Quranın bir çox ayəsində elçilərə iman edənlərə müjdə vermələri əmr edilmişdir. Dünya həyatının bütün çətinliklərinin, sıxıntılarının, əksikliklərinin müvəqqəti olduğu, Allahın köməyinin, rəhmət və mərhəmətinin daima iman gətirənlərlə birlikdə olduğu kimi xəbərlərlə müjdələnmələri möminlər üçün çox böyük bir sevinc vəsiləsidir. Sonsuz axirət nemətlərinin yaxınlığı da heç şübhəsiz möminlərin şövqünü, səylərini və əzmlərini artıracaq. Bir ayədə Allah belə buyurur:
 
Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq, təqva sahiblərinə müjdə vermək və müqavimət göstərən bir qövmü xəbərdar edib-qorxutmağın üçün. (Məryəm surəsi, 97)

Kəhf surəsinin 2-ci ayəsində diqqət çəkilən məsələlərin hamısı, Axırzamanda da bütün müsəlmanların diqqətlə üzərində dayanmaları lazım olan mövzulardır. Axırzamanda yaşanacaq olan fitnə və təxribatçılıqdan, dinsiz ideologiyaların gətirdiyi bəlalardan insanları qoruyacaq olan, bu ayədə də diqqət çəkildiyi kimi Qurana bərk-bərk sarılmaq olacaq. Quranın rəhbərliyində saleh əməllər etmək, insanlara yaxşılığı əmr etmək və onları sonsuz cənnət nemətləri ilə müjdələmək, eyni zamanda da əbədi cəhənnəm əzabı ilə qorxudaraq Quranın hökmlərindən güzəşt verməmə istiqamətində xəbərdar etmək, Axırzamanda vicdan sahibi müsəlmanların ən əhəmiyyətli vəzifələrindəndir.